AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA FEDERASİYASINA RƏSMİ SƏFƏRİ
SƏNƏDLƏRİN İMZALANMASI
İTAR-TASS və AZƏRTAC agentlikləri arasında informasiya sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı. Sazişi Rusiya tərəfindən İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, Azərbaycan tərəfindən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzaladılar.
Sonra Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı surətdə qorunması haqqında Saziş imzalandı. Bu sənədi Rusiya tərəfindən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Nikolay Patruşev, Azərbaycan tərəfindən xarici işlər naziri Vilayət Quliyev imzaladılar.
Rusiya Federasiyası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında sərbəst ticarət haqqında 1992-ci il 30 sentyabr tarixli Sazişə sərbəst ticarət rejimindən istisnalar haqqında Protokolu Rusiya tərəfindən iqtisadi inkişaf və ticarət nazirinin müavini Dmitri Suxoparov, Azərbaycan tərəfindən isə Baş nazirin birinci müavini Abbas Abbasov imzaladılar.
2004-2006-cı illər üçün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında humanitar sahədə əməkdaşlıq proqramını Rusiya tərəfindən xarici işlər naziri İqor İvanov, Azərbaycan tərəfindən baş nazirin birinci müavini Abbas Abbasov imzaladılar.
Bu sənədlər imzalandıqdan sonra prezidentlər Vladimir Putin və İlham Əliyev mərasim iştirakçılarının alqışları altında Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Moskva Bəyannaməsini imzaladılar.
Moskva Bəyannaməsi imzalandıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev bəyanatlarla çıxış etdilər.
Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.