AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dəyərli qardaşım Prezident Əliyev!
Əziz dostum!
Gənc Azərbaycan Respublikası tarixinin ən mühüm mərhələlərindən birini 2008-ci il 15 oktyabr prezident seçkiləri ilə birlikdə uğurla başa vurmuşdur. Qardaş Azərbaycanın bu prosesi ötən dövrün demokratiya və seçki təcrübələrinin işığında kamillik və əmin-amanlıq şəraitində başa çatdırması Türkiyə və türk milləti üçün qürur mənbəyidir.
Bu hissləri Sizinlə bölüşməkdən və xüsusilə Prezident vəzifəsinə yenidən seçilməyinizdən şəxsən məmnunluq duyuram.
Prezidentliyinizin yeni dövrü də Azərbaycanın inkişaf, rifah, sabitlik və beynəlxalq aləmə inteqrasiya yolunda indiyə qədər əldə etdiyi nailiyyətləri eyni uğur və sürətlə davam etdirəcəyinə şübhəm yoxdur. Ürəkdən gələn təbriklərimi qəbul etməyinizi istəyirəm.
Əziz qardaşım!
Bu yaxınlarda Rusiya ilə Gürcüstan arasında baş vermiş və bölgəmizlə yanaşı, beynəlxalq ictimaiyyətə də təsir edən hadisələr bu məkanın sülh, təhlükəsizlik və sabitliyə nə qədər ehtiyac duyduğunu bir daha açıq-aydın göstərmişdir. Bölgəmizin bu günü və gələcəyinin ən mühüm aktorlarından olan qardaş Azərbaycanda bu üç amilin itirilməməsi üçün iqtidar və müxalifətin güclü həmrəylik nümayiş etdirməsinin əhəmiyyəti hamımıza məlumdur.
Ölkələrimiz arasındakı nümunəvi münasibətlərin və əməkdaşlığın bölgədə sabitlik və sülhün qorunmasına böyük töhfə verəcəyinə, Türkiyə-Azərbaycan həmrəyliyinin bölgəmizdə problemlərin həllində önəmli və müəyyənedici rol oynayacağına inanırıq. Bu günə qədər olduğu kimi, bundan sonra da Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bir daha vurğulamaq istəyirəm.
Hörmətli Prezident,
Yeni vəzifəniz müddətində ilk rəsmi səfərinizi ölkəmizə etməyinizdən türk xalqı və şəxsən mən böyük məmnunluq duyacağıq.
Bir daha təbriklərimi çatdırır, Sizə, ailənizə və bütün qardaş Azərbaycan xalqına uğurlar, cansağlığı, səadət diləyir və ən səmimi arzularımı bildirirəm.
Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti