AZƏRBAYCAN SƏFİRİ ALMANİYADAKIAZƏRBAYCAN DİASPORU İLƏ GÖRÜŞMÜŞDÜR
Avropa Azərbaycanlıları Konqresinin Türk-Alman İş Adamları Birliyinin ofisində təşkil etdiyi tədbirdə Azərbaycan və türk diasporlarını birləşdirən cəmiyyət və dərnəklərin nümayəndələri, Türkiyə-Azərbaycan dostluq və əməkdaşlıq cəmiyyətlərinin təmsilçiləri, Almaniyada çalışan ziyalılar və burada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.
Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Qaya Azərbaycan səfiri Pərviz Şahbazovu görüş iştirakçılarına təqdim etmişdir.
Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Dilbəstə,Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru,"Yeni körpü" jurnalının redaktoru Nuridə Atəşi Azərbaycan səfirini salamladılar.
Natiqlər çıxışlarında cəmiyyət və dərnəklərin Avropa Azərbaycanlıları Konqresinin himayəsi ilə Azərbaycanı, onun dövlətçiliyini, xalqını, mədəniyyətini, Azərbaycan həqiqətlərini,millətin haqq səsini Almaniya ictimaiyyətinə çatdırılması işini dəstəkləyən qurumlar strukturunda təşkilatlandıqlarını xüsusi qeyd etmişlər.
Səfir görüşə toplaşanlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş arzularını çatdırmışdır. O, çıxışında Almaniyada təşkilatlanmış diasporumuza dövlətimizin, xalqımızın, mədəniyyətimizin təbliğində, habelə Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu olduğunu xüsusi vurğuladı və dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyini, türk qardaşları ilə dostluq və əməkdaşlıq, tərəfdaşlıq əlaqələrini milli birlik və həmrəyliyimizin təzahürü kimi dəyərləndirdi. Cəmiyyət və qurumları Azərbaycan naminə birləşməyə, bu istiqamətdə həmrəylik nümayiş etdirməyə çağırdı.
Azərbaycan diasporuna, onun təşkilatlandığı qurumların gələcək fəaliyyətinə uğurlar arzulayan səfir, diaspor ilə rəhbərlik etdiyi diplomatik missiyanın işgüzar əlaqələrinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi üçün əlindən gələni edəcəyini söylədi.
Sonra səfir tədbirin keçirildiyi salonda görüş iştirakçıları ilə səmimi, işgüzar söhbət etdi.
Ölkəmizdə baş verən ictimai-siyasi proseslər, hüquqi-dövlət quqruculuğu istiqamətində aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan rəhbərliyinin səyləri və sair məsələlər diqqət mərkəzində olmuşdur. Səfir diaspor nümayəndələrinin çoxsaylı suallarına ətraflı cavab vermişdir.
O, Azərbaycanda keçirilən parlament seçkiləri barədə də ətraflı məlumat vermişdir. Bildirmişdir ki, seçkilər azad, şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun keçirilmişdir.
Seçkilərin gedişini beynəlxalq təşkilatların minlərlə müşahidəçisi izləmişdir.