AZƏRBAYCAN SƏFİRİ ALMANİYANIN MÜNSTER ŞƏHƏRİNDƏ YAŞAYAN SOYDAŞLARIMIZLA GÖRÜŞMÜŞDÜR
Görüşdə səfir Pərviz Şahbazov soydaşlarımız qarşısında çıxış etmiş, ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatında baş verən yeniliklər barədə ətraflı məlumat vermiş, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan beynəlxalq əhəmiyyətli enerji layihələrindən danışmış, Azərbaycanın iqtisadiyyatında sürətli inkişafı xüsusilə vurğulamışdır.
Azərbaycan səfiri ulu öndərimiz Heydər Əliyevin ölkəmizi qüdrətli dövlətlər sırasına çıxaran siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsindən, milli dövlətçiliyimizin möhkəmlənməsi, respublikamızın beynəlxalq nüfuzunun gündən-günə artması işində xaricdə təşkilatlanan soydaşlarımızın üzərinə düşən vəzifələrdən danışmış, Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılmasında diasporumuzun əvəzsiz rolu olduğunu xüsusi qeyd etmişdir.
Azərbaycan rəhbərliyinin diasporumuzun formalaşmasına göstərdiyi diqqət və qayğıdan danışan səfir demişdir ki, respublikamızın Prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının II qurultayının Bakıda keçirilməsinə Sərəncam verməklə Vətənimizin sərhədlərindən kənarda yaşayan soydaşlarımıza da daim diqqət göstərdiyini sübut etmişdir.
Görüşdə iştirak edən soydaşlarımız Azərbaycan səfirinin Münsterə səfərindən məmnun qaldıqlarını bildirmiş, ona çoxsaylı suallarla müraciət etmişlər. Səfir soydaşlarımızın suallarına ətraflı cavab vermişdir.
Görüşün iştirakçıları məsləhətləşmələr zamanı Azərbaycan səfirinin soydaşlarımızın bir qurumda birləşərək mütəşəkkil fəaliyyət göstərmək barədə təklifini dəstəkləmiş, Münsterdə Azərbaycan-Almaniya Mədəniyyət və Dostluq Cəmiyyətinin yaradılması zərurəti barədə fikir mübadiləsi aparmışlar. Qeyd olunmuşdur ki, təməli qoyulacaq cəmiyyətin Azərbaycanla bağlı tədbirlərin təşkil edilməsində, dövlətimizin, xalqımızın, mədəniyyətimizin təbliği və təşviqində böyük rolu olacaqdır.
Soydaşlarımıza, onların birləşəcəyi quruma gələcək fəaliyyətində uğurlar arzulayan səfir, başçılıq etdiyi diplomatik missiyanın Münsterdə yaşayan həmvətənlərimizlə işgüzar əlaqələrinin daha da genişlənməsi işinə həmişə yardımçı olacağını bildirmişdir.