Azərbaycan səfiri etimadnaməsini Əfqanıstan Prezidentinə təqdim edib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Türkmənistandakı və eyni zamanda Əfqanıstandakı səfiri Vəhdət Sultanzadə etimadnaməsini iyunun 7-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə təqdim edib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir Vəhdət Sultanzadə fəxri qarovul dəstəsinin qarşısından keçib.
Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani səfir Vəhdət Sultanzadə ilə söhbət edib.
Söhbət zamanı səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Məhəmməd Əşrəf Qaniyə çatdırıb.
Görüşdə dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar, mədəniyyət və təhlükəsizlik sahələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Vəhdət Sultanzadə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini diqqətə çatdırıb və Əfqanıstanın bu ədalətsizliyə qarşı olmasına, eləcə də respublikamızın ərazi bütövlüyünü dəstəkləməsinə görə Prezident Məhəmməd Əşrəf Qaniyə təşəkkürünü bildirib.
Səfir Bakıda keçiriləcək birinci Avropa Oyunları haqqında da geniş məlumat verib.
Prezident Məhəmməd Əşrəf Qani dövlətimizin başçısı İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və ilk Avropa Oyunlarının Bakıda keçirilməsi münasibətilə təbrikini Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Səfər zamanı Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə də görüş keçirilib. Görüşdə səfir Vəhdət Sultanzadə diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və etimadnaməsinin surətini nazirə təqdim edib.
Daha sonra Əfqanıstan İslam Respublikasının hökumət başçısı Abdullah Abdullah da səfir Vəhdət Sultanzadəni qəbul edib.
Bundan başqa, V.Sultanzadənin Əfqanıstanın mədən və neft naziri Daud Şah Saba və Əfqanıstanda sülhməramlı missiyanı yerinə yetirən Azərbaycan hərbçiləri ilə də görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində V.Sultanzadəni səfirliyin birinci katibi K.Xəlilov müşayiət edib.