Azərbaycan səfiri etimadnaməsini Malayziya Kralına təqdim edib
Kuala Lumpur, 10 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Malayziyaya təyin edilmiş səfiri İrfan Davudov noyabrın 10-da etimadnaməsini bu ölkənin Kralı XVI Ali Başçı, Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan səfiri İ.Davudov Prezident İlham Əliyevin salamlarını Krala çatdırıb, Azərbaycanla Malayziya arasında qarşılıqlı etimada əsaslanan güclü qardaşlıq münasibətlərinin hərtərəfli inkişafı üçün dövlətimizin başçısının səfir kimi ona xüsusi tapşırıq verdiyini vurğulayıb. Malayziyada xidməti fəaliyyəti dövründə bütün səylərini bu istiqamətdə cəmləşdirəcəyini söyləyib.
Malayziya Kralı səfir İ.Davudovdan onun da salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırmasını xahiş edib, Azərbaycan xalqının rifah, xoşbəxtlik, əmin-amanlıq və tərəqqisinin davam etməsini arzuladığını bildirib. O, Malayziyanın Azərbaycanla yaxın və dost münasibətlərə yüksək əhəmiyyət verdiyini, həmin münasibətlərin inkişafında əzmli olduğunu, çoxşaxəli əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğuna inandığını bildirib.
Qeyd edək ki, Malayziyaya yeni təyin olunmuş xarici diplomatik missiya rəhbərlərinin etimadnamələrinin təqdim edilməsi mərasimi COVID-19 pandemiyası səbəbindən uzun müddət idi təxirə salınırdı. Bu səbəbdən mərasim zamanı, Azərbaycanla yanaşı, Misir, Avstraliya, Rumıniya, Qazaxıstan, Hindistan, İsveç də daxil olmaqla, 13 ölkənin yeni səfiri etimadnamələrini Krala təqdim ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur