Azərbaycan səfirlikləri Misir və Küveyt jurnalistləri üçün iftar süfrələri açıblar
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyində aparıcı yerli media nümayəndələri üçün iftar süfrəsi təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Misirin aparıcı 12 mətbuat orqanının nümayəndələrinin iştirakı ilə keçən tədbirdə səfir Elxan Poluxov bu ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfərindən bəhs edib. O, bu səfərin Azərbaycan-Misir əlaqələrinin inkişafına töhfə verdiyini vurğulayıb, həmçinin ölkəmizin İslam dünyasındakı yeri, o cümlədən cari ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlərin keçiriləcəyi barədə danışıb. Ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi və inkişafında kütləvi informasiya vasitələrinin aparıcı rola malik olduğunu qeyd edən səfir bildirib ki, Misir mətbuatının nümayəndələrinin bir qisminin Azərbaycana səfərləri təşkil olunub və bu səfərlər gələcəkdə də davam edəcək.
Daha sonra tərəflər media sahəsində əlaqələrin genişləndirilməsi, ölkəmiz haqqında Misir ictimaiyyətinə daha geniş və ətraflı məlumatların çatdırılması istiqamətində əməkdaşlıq yolları və digər mövzular ətrafında müzakirələr apardılar.
Ölkəmizin Küveytdəki səfirliyində də nüfuzlu yerli media nümayəndələri üçün iftar süfrəsi açılıb. Müqəddəs Ramazan ayı münasibətilə küveytli jurnalistləri təbrik edən səfir Emil Kərimov iki dost ölkə arasında müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edən əlaqələrdən bəhs edib. O, Azərbaycan-Küveyt münasibətlərinin möhkəmlənməsində jurnalistlərin mühüm rolunu qeyd edib. Səfir xatırladıb ki, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur və bu münasibətlə dost ölkə olan Küveytdə də silsilə tədbirlər həyata keçiriləcək.
Küveytli jurnalistlər Azərbaycanın iqtisadi, mədəni həyatı, getdikcə artan beynəlxalq nüfuzu haqqında yerli mətbuatda daha çox xəbər və yazılarla çıxış edəcəklərini bildiriblər.