Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev bu ölkənin vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səud ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Rasim Rzayev ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb dövlətləri, xüsusilə də regionda və İslam dünyasında lider mövqeyə malik Səudiyyə Ərəbistanı ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirmişdir. Səfir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi, ticari-iqtisadi, investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin, habelə strateji əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdıraraq, əlaqələrin genişləndirilməsi istiqamətində gələcək illərdə daha intensiv fəaliyyətin aparılmasının zəruriliyini vurğulamışdır. R.Rzayev əməkdaşlıq əlaqələrinin bütün sahələrdə genişlənəcəyinə və inkişaf edəcəyinə, ticarət dövriyyəsinin və qarşılıqlı səfər mübadilələrinin artacağına ümidvar olduğunu bildirmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət haqqında məlumat verərək, bu məsələdə rəsmi Bakının regionda və dünyada böyük nüfuza malik Səudiyyə Ərəbistanının daim dəstəyinə ehtiyac duyduğunu bildirmiş, tarix boyu ermənilər tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktlarının törədildiyini vurğulamışdır.
Diplomat ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı Kral Fəhd bin Əbdüləziz Al Səud ilə görüşünü, həmin görüşdə Kralın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi ilə bağlı söylədiyi fikirləri xatırlatmışdır.
Salman bin Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanının bütün İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini, onlara hər zaman dəstək göstərdiyini bildirmişdir. O, Dağlıq Qarabağ münaqişəsində Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini vurğulamışdır. Azərbaycan ilə bütün istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını deyən Salman bin Əbdüləziz Al Səud ticari-iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi məqsədi ilə hər iki ölkənin müvafiq qurumlarının nümayəndə heyətləri və iş adamlarının qarşılıqlı səfərlərinin təşkilinin zəruriliyini bildirmişdir.