Azərbaycan taekvondo üzrə dünya çempionatında medalların əyarına əsasən 10-cu sıranı tutmuşdur
Bakı, 7 may (AZƏRTAC). Koreya Respublikasının Gyongju şəhərində taekvondo üzrə dünya çempionatına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, mayın 1-dən 6-dək keçirilən yarışda rekord sayda, 1037 idmançı ilə 149 ölkə təmsil olunsa da, onlardan yalnız 18 milli komanda medal qazanmışdır. Yarışın ikinci günü Azərbaycan idmançısı Ramin Əzizov (80 kq) bürünc medalı təmin etsə də, İran idmançısı ilə yarımfinal döyüşündə yaranan gözlənilməz vəziyyət perspektivli taekvondoçumuzun çempionluğa yüksəlməsinə imkan verməmişdir.
Milli komandamızın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev nəticədən narazı olsa da, Meksika, Amerika, Fransa və taekvondonun inkişaf etdiyi bir çox ölkələrin ümumiyyətlə medal qazana bilmədiklərini söyləmişdir. O həmçinin, Təvəkkül Bayramovdan (87 kq), Elvin Məmmədov (74 kq) və Fariz Əliyevdən (63 kq), qadınlardan Günay Ağakişiyeva (57 kq) və Səbinə Mikayılovdan (62 kq) medal gözlədiklərini, lakin qızıl xal və hakim səhvləri ucbatından daha yaxşı nəticə əldə olunmadığını bildirmişdir.
Qeyd edək ki, Samir Aydınov (54 kq), Fariz Əliyev (63 kq), Yelena Abbasova (73 kq) və Elvin Məmmədov (74 kq) qızıl xalda mübarizəni dayandırmalı olmuşlar. Fransalı rəqibindən bir xal geri qalan Avropa çempionu Təvəkkül Bayramov (87 kq) son saniyələrdə hakimin səhvi nəticəsində, İlkin Şahbazov (68 kq) və Xəyalə Quliyeva (46 kq) isə minimal xalla qələbəni əldən vermişlər. İdmançılarımızı mübarizədən kənarlaşdıran rəqiblərin böyük əksəriyyəti isə sonradan mükafatçılar sırasına düşmüşlər.
Beləliklə, 6 gün davam edən dünya çempionatında Azərbaycan medalların əyarına əsasən 10-cu sıranı, ümumi xallara görə isə 14-cü yeri tutmuşdur.
Azərbaycan taekvondoçuları mayın 8-də vətənə dönəcəklər. Qarşıdakı məsul yarış isə, mayın 27-dən 29-dək Bakıda keçiriləcək və dünya Taekvondo Federasiyasının təqviminə daxil edilmiş “Azerbaijan Open” beynəlxalq turniri olacaqdır.