Azərbaycan Tələbə Şəbəkəsi Almaniya ictimaiyyətini erməni yalanları üçün alətə çevrilməməyə çağırıb
Berlin, 2 may, AZƏRTAC
Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi Ermənistan səfirliyi və erməni diasporunun Berlində qondarma “erməni soyqırımı”na həsr olunan anım mərasimi keçirməsi ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda erməni tərəfinin anım mərasimi haqda yaydığı müraciətində 1915-ci il hadisələrində Almaniyanın da məsuliyyət daşıdığını vurğulaması, AFR hökuməti və Almaniya Bundestaqının “101 il hökm sürən susğunluğu”na nəhayət ki, son qoymağı tələb etməsi diqqətə çatdırılır. Vurğulanır ki, 100 il əvvəl baş verən tarixi hadisələri öz siyasi məqsədləri üçün alətə çevirməyə çalışan ermənilər yaxşı olar Xocalıda törətdikləri soyqırımının məsuliyyətini dərk etsinlər və Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq naminə torpaqlarını işğal etdikləri, etnik və mədəni soyqırımına məruz qoyduqları azərbaycanlılarla barışığa can atsınlar.
Bəyanatda qeyd olunur ki, Ermənistanda hökm sürən rejimin sülhə və barışığa meyilliyinin duyulmaması təəssüf doğurur. Belə ki, Ermənistan prezidenti bu yaxınlarda Almaniyaya səfəri zamanı AFR Kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında etdiyi aqressiv çıxışına görə alman mətbuatında haqlı olaraq “müharibə lordu” adlandırılıb.
Azərbaycanlı gənclər Ermənistan prezidentinin nəinki xarici siyasətdə, heç ölkə daxilində də sülhə və barışığa istiqamətlənmiş fəaliyyət göstərmədiyini vurğulayıblar. Ermənistandakı rejim 2008-ci ilin martında Yerevandakı etiraz aksiyaları zamanı 10 nəfərin ölümü ilə nəticələnən güc tətbiqinə görə məsuliyyəti hələ də üzərinə götürməyib.
Azərbaycan Tələbə Şəbəkəsi Almaniya siyasətçilərini və ictimaiyyətini Cənubi Qafqazın yeni münaqişələr meydanına çevrilməməsi naminə regional məsələlərin konstruktiv həllinə dəstək verməyə və erməni ideologiyası üçün alətə çevrilməməyə çağırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin