Azərbaycan Türk dünyasının tibb və innovasiya mərkəzinə çevrilir
Bakı 11 ölkənin aparıcı kardioloq və süni intellekt mütəxəssislərini bir araya gətirib
Bakı, 22 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Türk Dövlətləri Kardioonkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti keçirilir.
AZƏRTAC xəbər verir ki, Türk dünyasında tibb elmi, innovativ texnologiyalar və beynəlxalq səhiyyə əməkdaşlığı baxımından mühüm əhəmiyyət daşıyan tədbir kardio-onkologiya, süni intellekt, robotik kardiologiya və rəqəmsal səhiyyə sahələrini ilk dəfə vahid beynəlxalq platformada bir araya gətirib. Tədbirdə dünyanın 11 ölkəsindən aparıcı alimlər, beynəlxalq ekspertlər, akademik dairələrin nümayəndələri, səhiyyə sahəsinin rəhbər şəxsləri, tanınmış kardioloqlar, kardioonkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər iştirak edirlər.
Tədbirin rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Şimali Kipr Türk Cümhuriyyətinin, Türkmənistanın və Qırğızıstanın səfirləri və diplomatik nümayəndələri, dövlət qurumlarının rəhbərləri, aparıcı klinika və tibb müəssisələrinin təmsilçiləri, həmçinin beynəlxalq elmi təşkilatların nümayəndələri iştirak ediblər.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova bildirib ki, Türk Dövlətləri Kardioonkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti yalnız elmi tədbir deyil, həm də Türk dünyasının ortaq tibbi gələcəyinə yönəlmiş strateji əməkdaşlıq platformasıdır. Professor Gülnaz Dadaşova qeyd edib ki, müasir dövrdə səhiyyənin inkişafı innovativ texnologiyaların tətbiqi, süni intellektəsaslı tibbi həllərin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi ilə sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycan bu gün regionda tibb elmi və rəqəmsal səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilməkdədir və keçirilən konqres bu istiqamətdə əhəmiyyətli addımdır.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev çıxışı zamanı bildirib ki, müasir dövrdə səhiyyə sisteminin dayanıqlı inkişafı innovativ texnologiyaların tətbiqi, elmi əməkdaşlığın gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, süni intellekt, rəqəmsal səhiyyə və robotik texnologiyalar artıq gələcəyin deyil, bu günün reallığıdır və bu istiqamətdə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışı zamanı Türk dövlətləri arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın strateji əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyasında elm, səhiyyə və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Türk Dövlətləri Kardioonkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya Sammiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ümumilikdə 50 DTT ilə akkreditasiya olunub.
Türk dünyasında ilk dəfə bu miqyasda keçirilən beynəlxalq konqres və sammit region ölkələri arasında tibbi əməkdaşlığın genişlənməsinə, innovativ texnologiyaların səhiyyəyə inteqrasiyasına, elmi bilik mübadiləsinin gücləndirilməsinə və gələcəyin tibbi modelinin formalaşdırılmasına mühüm töhfə verən beynəlxalq platforma kimi qiymətləndirilir.