WUF13: UNITAC platforması ağıllı şəhər idarəçiliyinə dəstək verir
Bakı, 22 may, AZƏRTAC
İnsan mərkəzli ağıllı şəhərlərdə innovasiyaların iştirakçılıq və əməkdaşlıq prinsipləri əsasında hazırlanması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə həssas qrupların rəqəmsal xidmətlərə, bacarıqlara və infrastruktura bərabər çıxışının təmin olunması vacib hesab edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UNITAC-ın rəhbəri, proqram idarəçiliyi üzrə baş mütəxəssis Alina Matta BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” adlı tədbirdə səsləndirib.
O bildirib ki, bu proqram 2020-ci ildə yaradılıb və UN-Habitat-ın Strateji Planının icrasını dəstəkləyir. Yeni strateji planın əsas istiqamətləri mənzil, torpaq və əsas xidmətlərdir. Rəqəmsallaşma isə bu istiqamətlərin həyata keçirilməsinin əsas vasitələrindən biri hesab olunur.
“Proqram qlobal təşviqat, potensialın artırılması, texniki dəstək və rəqəmsal şəhər innovasiyalarının maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərir”, - deyə Alina Matta qeyd edib.
Onun sözlərinə görə, bu proqram çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri də 2021-ci ildə yaradılmış UNITAC platformasıdır. UNITAC — “Birləşmiş Millətlər Təşkilatının Şəhərlər üçün İnnovasiya və Texnologiya Sürətləndiricisi” adlı rəqəmsal platformadır. Bu təşəbbüs UN-Habitat, BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Ofisi və Almaniyanın Hamburq şəhərində yerləşən Hafencity Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Platformanın laboratoriyası da Hamburqda fəaliyyət göstərir.