Alina Matta: UNITAC qlobal şəhər layihələrinə rəqəmsal dəstək verir
Bakı, 22 may, AZƏRTAC
“Birləşmiş Millətlər Təşkilatının Şəhərlər üçün İnnovasiya və Texnologiya Sürətləndiricisi” adlı rəqəmsal platformanın (UNITAC) fəaliyyəti yalnız strateji planın icrasına dəstək verməklə məhdudlaşmır. Eyni zamanda, UN-Habitat-ın ölkə və regional ofisləri ilə sıx əməkdaşlıq çərçivəsində yerli layihə və təşəbbüslərə dəstək göstərilir. Hazırda proqram Mərkəzi Amerika, Braziliya, Avropa, Asiya-Sakit okean regionu və Afrika daxil olmaqla dünyanın müxtəlif bölgələrində həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UNITAC-ın rəhbəri, proqram idarəçiliyi üzrə baş mütəxəssis Alina Matta BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” mövzusunda tədbirdə səsləndirib.
O bildirib ki, toplanan məlumatlar Dayanıqlı İnkişaf Məqsədləri üzrə hesabatların hazırlanmasına və 2030 Gündəliyinin icrasına mühüm töhfə verir.
Alina Mattanın sözlərinə görə, hökumətlərə şəhər məlumat sistemlərinin gücləndirilməsi, böhranlardan sonra bərpa və dayanıqlılıq tədbirlərinin həyata keçirilməsi, qeyri-formal yaşayış məntəqələrinin xəritələşdirilməsi və mənzil məlumat sistemlərinin yaradılması istiqamətində dəstək göstərilir.
“Bu fəaliyyətlər xəritələşdirmə və məkan təhlili, ictimai iştirakçılıq, mənzil informasiya sistemləri, bərpa mexanizmləri, rəqəmsal ictimai xidmətlər və potensialın artırılması kimi istiqamətləri əhatə edir”, - deyə o əlavə edib.