Azərbaycan və Belarus parlamentləri beynəlxalq müstəvidə əlaqələrini genişləndirir
Bakı, 22 may, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Parlament Assambleyasının 60-cı plenar iclası çərçivəsində Belarusun Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələrimizin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycanla Belarusun əməkdaşlığının bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının səmimi münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun mühüm rol oynadığı qeyd edilib.
Söhbət zamanı tərəflər ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində qanunvericilik orqanlarının da töhfələrindən bəhs ediblər, parlamentlərarası əməkdaşlığın uğurla davam etdiyini bildiriblər. Sahibə Qafarova Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun bir neçə gün əvvəl Azərbaycana səfəri və tərəflər arasında keçirilmiş görüşü, həmçinin özünün Belarusa, eləcə də Natalya Koçanovanın Bakıya səfərlərini xatırladıb. O, parlament rəhbərlərinin və deputatların səfərlərinin qanunverici orqanlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini deyib.
Qeyd olunub ki, Azərbaycan və Belarus parlamentləri ikitərəfli müstəvidə səmərəli fəaliyyət həyata keçirməklə yanaşı, beynəlxalq parlament təşkilatlarında, o cümlədən Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi təşkilatlarda da fəal əməkdaşlıq edirlər.
Natalya Koçanova ölkələrimizin iqtisadi, ticarət, mədəni və digər istiqamətlər üzrə münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, parlamentlərarası əlaqələrin bu əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.