Rüfət Mahmud: “Ağıllı qoruq” konsepsiyası İçərişəhərin canlı şəhər kimi inkişafını təmin edəcək
Bakı, 22 may, AZƏRTAC
İçərişəhərdə tarixi şəhər mühitinin canlılığının qorunması və dayanıqlı idarə olunması məqsədilə “ağıllı qoruq” konsepsiyası əsasında kompleks yanaşma tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, bunu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Tarixi şəhərlərdə rəqəmsal transformasiya – ağıllı irs, məlumatlara əsaslanan idarəetmə və inklüziv şəhər gələcəyi” mövzusundakı tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda təxminən 5000 nəfər əhalisi olan, onlardan 3000-dən çoxunun daimi sakin kimi yaşadığı İçərişəhər yalnız turizm məkanı deyil, həm də yaşayan şəhər mühiti kimi fəaliyyət göstərir: “Beynəlxalq təcrübədə tarixi şəhər mərkəzlərinin zamanla muzeyləşməsi və canlı şəhər funksiyasını itirməsi halları müşahidə olunur. Lakin İçərişəhərdə əsas məqsəd bu tendensiyanın qarşısını almaq və ərazini yaşayan şəhər kimi qoruyub saxlamaqdır" .
Bildirilib ki, son bir il ərzində yeni komanda tərəfindən sistemli yanaşma əsasında üçillik strategiya hazırlanıb və əsas hədəf İçərişəhərin canlı şəhər kimi inkişafının təmin edilməsidir.
Rüfət Mahmud vurğulayıb ki, tarixi şəhər mühitində yaşamaq adi şəhər mühitindən fərqli idarəetmə və xidmət tələbləri yaradır: “Bu baxımdan sakinlərin rahatlığının təmin olunması, turizm axınlarının idarə edilməsi və şəhər mühitində balansın qorunması xüsusi əhəmiyyət daşıyır”.
Qeyd olunub ki, turizm axınından yaranan təzyiqlər və ziyarətçi sıxlığının sakinlərin gündəlik həyatına təsiri nəzərə alınaraq, yeni idarəetmə modeli hazırlanır.
Bildirilib ki, “Ağıllı qoruq” konsepsiyası çərçivəsində irsin qorunması, mədəni proqramların təşkili, icmanın proseslərə cəlbi, şəhər idarəetməsinin optimallaşdırılması, rəqəmsal xidmətlərin genişləndirilməsi və nəqliyyatın effektiv idarə olunması əsas istiqamətlər kimi müəyyən edilib.
Vurğulayıb ki, əsas məqsəd tarixi şəhər mühitində reaktiv deyil, proaktiv və planlı idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır.