Kristiana Skorza: Effektiv metropolitan idarəetmə mənzil böhranının həllində əsas mexanizmə çevrilə bilər
Bakı, 22 may, AZƏRTAC
İnteqrasiya olunmuş planlaşdırma və effektiv maliyyə mexanizmləri regionlar üzrə adekvat mənzil, əsas xidmətlər və dayanıqlı infrastrukturun təmin edilməsinə böyük imkanlar açır. Eyni zamanda bələdiyyələr arasında əməkdaşlıq sosial bərabərsizliyin azaldılmasına və ərazi parçalanmasının qarşısının alınmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Braziliyanın Şəhərlər Nazirliyində Şəhər və Metropolitan İnkişafın Strukturlaşdırılması üzrə direktoru Kristiana Skorza Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlverişli mənzil və inklüziv ərazi inkişafı üçün böyükşəhər idarəetməsi” mövzusunda təşkil edilmiş panel sessiyada çıxışı zamanı bildirib.
O, həmçinin çıxışında metropolitan səviyyədə koordinasiyanın dayanıqlı şəhər inkişafı üçün vacib olduğunu vurğulayıb.
Çıxışda qeyd olunub ki, metropolitan idarəetmə Yeni Şəhər Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində strateji əhəmiyyət daşıyır və bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsi mühüm rol oynayır.