WUF13 çərçivəsində türkiyəli qonaqlar Ədəbiyyatı Muzeyini ziyarət ediblər
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gələn Türkiyə nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Nümayəndə heyətinə muzeyin yaranma tarixi, burada qorunan zəngin ədəbi-mədəni irs nümunələri, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Qonaqlar muzeyin ekspozisiya zallarında nümayiş etdirilən rəsm əsərlərinə, klassik Azərbaycan ədəbiyyatını əks etdirən bədii kompozisiyalara və qədim xalça nümunələrinə xüsusi maraq göstəriblər. Azərbaycan milli ornamentlərini, ənənəvi rəng harmoniyasını və tarixi-estetik xüsusiyyətləri özündə əks etdirən xalçalar nümayəndə heyətinin diqqətini xüsusilə cəlb edib. Onlar muzeydə sərgilənən sənət nümunələrinin Azərbaycan xalqının zəngin mədəni yaddaşını və estetik dünyagörüşünü əks etdirdiyini vurğulayıblar.
Nümayəndə heyəti, həmçinin muzeydə qorunan nadir eksponatlar, miniatür sənəti nümunələri və klassik ədiblərin obrazlarını əks etdirən monumental rəsm əsərləri ilə yaxından tanış olub. Qonaqlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin bir arada təqdim edilməsini yüksək qiymətləndirərək muzeyin yalnız ədəbiyyat deyil, bütövlükdə milli-mədəni irsin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Sonda nümayiş olunan eksponatların yüksək peşəkarlıqla qorunduğunu və təqdim olunduğunu xüsusi vurğulayan türkiyəli qonaqlar Nizami Gəncəvinin adını daşıyan bu mötəbər elm və mədəniyyət ocağından xoş təəssüratlarla ayrılıblar.