Malayziyalı mütəxəssis: Əsas məsələ inteqrasiya olunmuş və vahid planlaşdırmadır
Bakı, 22 may, AZƏRTAC
Strateji Ətraf Mühitin Qiymətləndirilməsindən (SEA) və planlaşdırmadan danışanda biz həmişə inteqrasiya olunmuş və vahid planlaşdırmanı vurğulayırıq. SEA-nın harada tətbiq olunduğuna baxdıqda, bu proses qlobal səviyyədən milli, ştat, yerli hökumət, hətta layihə səviyyələrinə qədər enir və monitorinqi də əhatə edir.
AZƏRTAC xəbər verir ki, bunu malayziyalı şəhərsalma mütəxəssisi və UN-Habitat-ın keçmiş icraçı direktoru Maiumah Mohd Şərif BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, ölkəsində hər nazirliyin öz planı mövcuddur: “Amma əsas məsələ budur: bu planları necə inteqrasiya edək ki, onlar bir-biri ilə ziddiyyət təşkil etməsin? Məsələn, bir nazirlik deyə bilər ki, “bu ərazini qorumaq lazımdır”, digər nazirlik isə “yolu genişləndirməliyik, ağacları kəsməliyik” deyə bilər. Bəs, biz bu planları necə uyğunlaşdıraq və inteqrasiya edək? İqlim planı, iqtisadi plan, ətraf mühit planı və digər planlar mövcud olduqda, bunların hamısını bir-biri ilə necə əlaqələndirmək olar? Son üç-altı gün ərzində dəfələrlə eşitdiyimiz kimi, burada əsas məsələ inteqrasiya olunmuş və vahid planlaşdırmadır. Malayziyada bizim milli siyasətimiz və əsas inkişaf strategiyamız mövcuddur. Bu, məkan planıdır. Burada Strateji Ekoloji Qiymətləndirmə, sosial təsirin qiymətləndirilməsi və ətraf mühitə təsirin qiymətləndirilməsi birlikdə tətbiq olunur”.