Dmitri Mariyasin: Şəhərlər bu gün həm problemlərin, həm də imkanların birləşdiyi məkanlardır
Bakı, 22 may, AZƏRTAC
Şəhərlər bu gün həm problemlərin, həm də imkanların birləşdiyi məkanlardır. Onlar inkişafın, innovasiyanın və sənayenin mərkəzləridir. Amma, eyni zamanda istixana qazı emissiyalarının və çirklənmənin əsas mənbələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərsalmada iqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, şəhərlər getdikcə daha çox risklərlə üzləşir və bu barədə WUF13-ün bir çox sessiyalarında danışılıb: “Lakin qabaqlayıcı tədbirlərlə bağlı kifayət qədər danışmadıq. Ölkələrin, bələdiyyələrin və ideal halda özəl sektorun hansı proaktiv strategiyalardan istifadə etməli olduğu barədə daha çox düşünməliyik ki, problemlərin qarşısını əvvəlcədən ala bilək və hadisələri qabaqlayaq. Bu gün şəhərləri necə planlaşdırmağımız yalnız ekoloji nəticələri deyil, həm də gələcək nəsillər üçün iqtisadi dayanıqlılığı, sosial inklüzivliyi və həyat keyfiyyətini müəyyən edəcək”.