AZƏRBAYCAN-TÜRKİYƏ HÜQUQİ ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin sentyabrın 25-də nümayəndə heyəti ilə Bakıya səfərə gəlmişdir.
Türkiyəli nazir Fəxri xiyabanda ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək, məzarı önünə əklil və tər çiçəklər qoymuşdur. Sonra qonaq Şəhidlər xiyabanını ziyarət etmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş həmvətənlərimizin və türk əsgərlərinin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, onların əziz xatirəsinə dərin ehtiramını bildirmişdir.
Ədliyyə naziri Fikrət Məmmədovla görüşdə qonağa ölkəmizdə aparılan məhkəmə-hüquq islahatı barədə ətraflı məlumat verilmiş, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, konkret sahələr üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılığa gəlinmişdir. Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərən türkiyəli nazir hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Türkiyə və Azərbaycan ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq, ölkələrimizin hüquqi sahədə əlaqələrinin inkişafına təkan verilmişdir. Hər iki dövlətin ədliyyə nazirlərinin qarşılıqlı səfərləri çərçivəsində «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında» müqavilə və ədliyyə fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı imzalanmış, ədliyyə orqanlarının işgüzar əlaqələri daha da möhkəmlənmişdir.
Türkiyə nümayəndə heyəti nazirlikdə «Heydər Əliyev» və «Azərbaycan ədliyyəsinin tarixi» muzeyi, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış dərgi təqdim edilmişdir.
######
![]() |
![]() |

