Azərbaycan Universitetinin təhsil proqramı beynəlxalq akkreditasiyadan keçib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Universitetinin sosial iş ixtisası bakalavriat səviyyəsindən sonra magistratura səviyyəsi üzrə də beynəlxalq akkreditasiyadan uğurla keçib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat bildirilib.
Akkreditasiyanın aktiv dövrü fevral ayında baş tutub və növbəti 5 ili əhatə edir. Bu, eyni zamanda proqramın beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu, həmçinin rəqabətqabiliyyətliliyini təsdiqləyir.
Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti universitetdə sosial iş ixtisasının təhsil proqramının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçirib. Təhsil proqramının yerinə yetirilməsi, tədris prosesinin təşkili, kafedra və dekanlığın fəaliyyəti, universitetin struktur vahidlərinin işinin akkreditasiya üçün müəyyən edilmiş tələb, qayda və meyarlara uyğunluğu yerində qiymətləndirilib və akkreditasiya müraciətinə müsbət cavab verilib.
Qeyd edək ki, Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə sosial iş ixtisasının tədrisi “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” və “Gənclərlə iş” olmaqla iki ixtisaslaşma üzrə həyata keçirilir.
Təhsil proqramı keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq qurumlardan biri olan Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) tərəfindən akkreditasiyadan keçirilib və müvafiq sertifikat universitet rəhbərliyinə təqdim olunub.