Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı, 23 yanvar, AZƏRTAC
Xarici İşlər Nazirliyində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniyanı isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke təmsil edib.
X.Xələfov Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin daimi əsasda aparılmasının ənənə kimi qəbul edildiyini və bu ənənənin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və şaxələndirilməsi baxımından faydalı platforma olduğunu bildirib.
A.Peşke Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edib, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin, Ticarət və İnvestisiya Qrupunun səfərinin, eləcə də Göthe Mərkəzinin Bakıda nümayəndəliyinin açılmasının əməkdaşlığın müxtəlif səviyyələrdə inkişafının müsbət göstəricisi olduğunu vurğulayıb.
X.Xələfov ikitərəfli iqtisadi və mədəni əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycanın Almaniyanın regionları ilə əlaqələrə də böyük önəm verdiyini, Federal Hökumətin dəstəyi ilə bu sahədə irəliləyiş əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Həmçinin görüşdə qeyri-neft sektorunun inkişafı, nəqliyyat və logistika sahələrində birgə investisiya layihələrinin reallaşdırılması, habelə turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan X.Xələfov separatçı rejimin nümayəndələrinə Almaniya hökuməti tərəfindən viza verilməməsi ilə bağlı qərarının Almaniyanın münaqişənin həlli prosesinə və Azərbaycanın ərazi bütövlüyünə dəstəyi kimi yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
A.Peşke Almaniyanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinin birmənalı olduğunu, münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb. O, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllində irəliləyişə nail olunması istiqamətində səylər göstərdiyini də əlavə edib.
A.Peşke 2018-ci ilin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu bildirərək bu çərçivədə müxtəlif mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Görüşdə, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti, readmissiya, miqrasiya məsələləri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.