İDMAN
Azərbaycan və Fransa arasında Paralimpiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İ.Rəhimov ölkəmizdə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər və gələcək fəaliyyət barədə, eyni zamanda, cari ilin noyabrında keçiriləcək paracüdo idman növü üzrə dünya çempionatına hazırlıq barədə məlumat verib.
İ.Rəhimov növbəti Yay Paralimpiya Oyunlarının Fransada keçiriləcəyini xatırladaraq, AMPK-nın bu oyunlara ciddi hazırlaşdığını bildirib. Eyni zamanda, komitə prezidenti “Paris-2024”ə hazırlıq mərhələsində Fransanın ölkəmizdəki səfirliyi sıx əməkdaşlıq və birgə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Səfir Z.Qros öz növbəsində ölkəsinin Paralimpiya dəyərlərinə önəm verdiyini bildirib, AMPK ilə əlaqələrin daha da genişləndirilməsini vacib hesab edərək XVII Yay Paralimpiya Oyunlarına hazırlıq mərhələsində müxtəlif tədbir və görüşlərin keçilməsini dəstəklədiyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlıq ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.