Azərbaycan və Latviyanın biznes strukturları arasında əməkdaşlığa dair razılaşmalar əldə olunub
Bakı, 16 iyun, AZƏRTAC
“Caspian Energy Club” və Latviya Ticarət və Sənaye Palatasının (LCCI) birgə təşkilatçılığı ilə 16-cı beynəlxalq “Caspian Energy Investment Forum Riga 2023” tədbiri keçirilib.
Forum “Caspian Energy Club” tərəfindən 20 ölkədə planlaşdırılan və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.
“Caspian Energy Club”dan AZƏRTAC-a bildirilib ki, forumda Latviyanın müvafiq dövlət qurumlarının nümayəndələri, həmçinin dövlət və özəl şirkətlərin top-menecerləri iştirak ediblər. Forumun məqsədi Latviya-Azərbaycan ikitərəfli iqtisadi əlaqələrinin inkişafı, peşəkar problemlərin həlli üçün beynəlxalq səviyyədə “B2B networking”in yaradılması, xarici sahibkarlar və investorlar üçün yaradılan imkanların işıqlandırılması olub.
Forum çərçivəsində Latviya və Azərbaycanda biznes mühiti, “LEF Network” (Latviya, Estoniya, Finlandiya) layihəsi, Latviya-Azərbaycan biznes əlaqələrinin genişləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov açılış nitqi ilə çıxış edərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin dinamikasından danışıb. Xatırladıb ki, Azərbaycan və Latviya arasında 2017-ci ildə strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb və bu gün Latviya Azərbaycanın Aİ üzvü olan ölkələr arasında doqquz strateji tərəfdaşından biridir.
Elnur Sultanov Azərbaycanın sürətli iqtisadi inkişafı və iqtisadiyyatının uğurlu şaxələndirilməsi barədə məlumat verib. O, Azərbaycan-Latviya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensialın olduğunu vurğulayıb və bununla əlaqədar təkliflərini səsləndirib. Elnur Sultanov Azərbaycanın işgüzar nümayəndə heyətinin Latviyaya səfərinin qarşılıqlı ticari-iqtisadi əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edib.
“Caspian Energy Club”ın İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Klubun fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, bu, “Caspian Energy Club” nümayəndə heyətinin Latviyaya üçüncü səfəridir.
Latviya Ticarət-Sənaye Palatasının İdarə Heyətinin üzvü Katrina Zarina, Latviya Xarici İşlər Nazirliyinin Xarici Ticarət və Xarici İqtisadi Əlaqələrin İnkişafı Departamentinin direktoru Girts Yaunzems, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Latviya İnvestisiya və İnkişaf Agentliyinin baş investisiya müşaviri Denis Çamovs, Latviya Ticarət və Sənaye Palatasının Aİ Layihələri Departamentinin rəhbəri Liqa Siçeva və AzTurizmin direktoru Anna Məmmədovanın təqdimatları ilə keçirilən panel sessiyalarının moderatoru “Caspian Energy Turkiye”nin İdarə Heyətinin sədri Süleyman Məcidli olub.
Forum iki ölkənin biznes strukturlarının nümayəndələri arasında müzakirələrlə davam edib və əməkdaşlığa dair razılaşmalar əldə olunub. Qeyd edək ki, belə forumlar daha öncə Tbilisi, Praqa, İstanbul və Daşkənddə də keçirilib.