Azərbaycan və Özbəkistan sənət ənənələri Daşkənddə bir arada VİDEO
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyası və Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin birgə təşkilatçılığı ilə Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı tədbir çərçivəsində ustad dərsləri keçirilib və sərgi açılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə mərkəzin direktoru Akif Marifli çıxış edərək bu kimi layihələr Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu formatda ustad dərslərinin təşkili və sənətkarların birgə yaradıcılıq prosesində iştirakı ilk dəfə həyata keçirilir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Direktor əlavə edib ki, ornament və naxışlar xalqların tarixi yaddaşını və milli kimliyini əks etdirən mühüm mədəni kodlardır.
Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov tədbirin sənətkarlar arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. O bildirib ki, bu cür platformalar ustalar arasında təcrübə mübadiləsinə şərait yaradır və milli sənət ənənələrinin qorunmasına xidmət edir.
Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyinin direktor müavini Zuxra Xolikova isə çıxışında belə təşəbbüslərin muzeylər və sənətkarlar arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayaraq, bu tip layihələrin davamlı xarakter daşımasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində təşkil olunan “Ornamentin dili” adlı ustad dərslərində Azərbaycan və Özbəkistanın dekorativ-tətbiqi sənət ənənələri canlı şəkildə nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycanı təmsil edən sənətkarlar müxtəlif istiqamətlər üzrə ustad dərsləri keçiriblər. Xalçaçı-rəssam, miniatür ustası Ağasadıq Süleymanov ənənəvi xalçaçılıq sənətinin incəliklərini nümayiş etdirərək toxuculuq prosesini əyani şəkildə təqdim edib, eyni zamanda miniatür sənəti üzrə ustad dərsi keçib. Oyma sənəti ustası Tofiq Əliyev ağac üzərində oyma texnikasını nümayiş etdirərək bu sənətin xüsusiyyətlərini izah edib. Battal ebru texnikası üzrə sənətkar Sevinc Əliyeva su üzərində rəsm sənətinin mərhələlərini təqdim edib. Keramika ustası Ruhəngiz Bağırova isə dulusçuluq prosesini praktiki şəkildə göstərərək ənənəvi keramika nümunələrinin hazırlanma qaydaları ilə iştirakçıları tanış edib.
Tədbirdə həmçinin özbək sənət ustaları Nasiba Satiboldiyeva, Bibisora Rahmatullayeva və Şuxrat Ahmednazarov iştirak edərək əl işlərini təqdim edib, milli dekorativ-tətbiqi sənət ənənələrinin xüsusiyyətlərini nümayiş etdiriblər.
Ustad dərsləri zamanı hazırlanmış və nümayiş etdirilmiş sənət nümunələri əsasında tədbir məkanında sərginin açılışı olub. Sərgidə Azərbaycan və Özbəkistanın dekorativ-tətbiqi sənət nümunələri, milli ornamentlər və ənənəvi sənət əsərləri təqdim edilib.
Tədbirin bədii hissəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ zəfəri” rəqs ansamblı tərəfindən rəqs nömrələri, “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən isə səhnə kompozisiyaları təqdim olunub.