ELM VƏ TƏHSİL
Azərbaycan və Rusiya ali məktəblərində təhsilin keyfiyyət təminatına dair layihənin yekun konfransı keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi (IQAinAR) layihəsinin yekun konfransı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Milli Erasmus Ofisinin direktoru Pərviz Bağırov, IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) nümayəndələri, həmçinin Niderlandın “415 International BV” təşkilatı və İspaniyanın Müqəddəs Entoni Katolik Universitetinin (UCAM) təmsilçiləri iştirak ediblər.
Konfransı açan ADPU-nun rektoru professor Cəfər Cəfərov layihənin əhəmiyyəti barədə danışıb, təhsil sahəsində beynəlxalq təcrübə mübadiləsi və qlobal tendensiyaların inteqrasiyası baxımından bu kimi layihələrin vacibliyini vurğulayıb.
Rektor diqqətə çatdırıb ki, Pedaqoji Universitet beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən faydalı layihələrdə iştiraka maraqlı tərəfdir və bu cür nüfuzlu layihənin yekun konfransının ADPU-da keçirilməsi sevindirici haldır.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Milli Erasmus Ofisinin direktoru Pərviz Bağırov və layihənin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) nümayəndəsi Xin (Maggie) Feng layihənin nəticələri haqqında məlumat veriblər.
Konfrans çərçivəsində layihənin əldə etdiyi nəticələrə dair müzakirələr aparılıb. Tədbir təhsilin keyfiyyət təminatı sahəsində milli və beynəlxalq əməkdaşlığın inkişafında yeni imkanlar açmaq baxımından əhəmiyyətli rol oynayıb.