İQTİSADİYYAT
Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayacaqlar YENİLƏNİB VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan və Rusiya dəniz nəqliyyatı sahəsində əməkdaşlığa dair iki yeni sənəd imzalayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil edilən “Nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın möhkəmləndirilməsi” mövzusunda “dəyirmi masa”da məlumat verib.
Nazir xatırladıb ki, Azərbaycan ilə Rusiya arasında zəruri normativ-hüquqi baza yaradılıb, avtomobil, dəmiryol və hava nəqliyyatına dair hökumətlərarası sazişlər imzalanıb. Hazırda ticarət gəmiçiliyinə dair sazişlərin layihələrinə baxılır.
“Dəyirmi masa”da çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri sürətlə inkişaf etməkdə olan tranzit-nəqliyyat əməkdaşlığıdır. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında və beynəlxalq miqyasda yükdaşımaların artmasına kömək edəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Şimal-Cənub layihəsinin inkişafından söhbət açaraq bildirib ki, Azərbaycan tərəfi Astara (İran) ərazisində terminal inşa edib, bu terminaldan artıq 195 min ton yük daşınıb. Həmin terminal işə düşənədək müvafiq dövr ərzində yolun həmin hissəsində cəmi 1700 ton yük daşınmışdı.
“Dəyirmi masa”da müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumlarının, yükdaşımalar ilə məşğul olan şirkətlərin təmsilçiləri iştirak edib. İştirakçılar nəqliyyat sahəsində əməkdaşlığın inkişafı mexanizmlərini, yükdaşımaların genişlənməsi perspektivlərini, iki ölkə arasında yüklərin çatdırılmasını yaxşılaşdırmaq yollarını müzakirə ediblər. Bundan başqa nəqliyyat və yükdaşımalar sahəsində mövcud əməkdaşlığa, əlaqələrin genişləndirilməsinə dair bir sıra çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Qeyd edilib ki, Azərbaycan ilə Rusiya arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq imkanları genişdir və bu baxımdan, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi önəmlidir.
Diqqətə çatdırılıb ki, əvvəlki illə müqayisədə bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 100 dəfə çox olub. Tədbirdə, həmçinin ölkələrimiz arasında nəqliyyat sahəsində birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.