Azərbaycana investisiya etmək həm risk baxımından, həm də gəlir baxımından sərfəlidir - AÇIQLAMA
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan son illər regional iqtisadi xəritədə həm sabitlik, həm də gəlir potensialı baxımından seçilən ölkələrdən biridir. Buna görə də həm yerli, həm də xarici investorlar üçün Azərbaycana investisiya qoyuluşu həm təhlükəsiz, həm də sərfəli hesab olunur.
Bu barədə AZƏRTAC-a açıqlama verən iqtisadçı Kamran Hacıyev bildirib ki, ilk növbədə, ölkədə siyasi və makroiqtisadi sabitlik təmin edilib.
“Manatın nisbətən sabit məzənnəsi, dövlət borcunun aşağı olması, büdcə intizamı və ehtiyat fondlarının mövcudluğu uzunmüddətli investisiya qərarları üçün etibarlı fond yaradır. Enerji resursları – neft və qaz – ölkənin maliyyə dayanıqlığının əsas baza mənbəyi olmaqla, eyni zamanda Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Bunun fonunda bərpaolunan enerji layihələri (külək və günəş stansiyaları) üzrə irihəcmli sazişlər imzalanır və bu sahə yeni investisiya dalğası üçün açıqdır”, - deyə Kamran Hacıyev vurğulayıb.
İqtisadçı qeyd edib ki, Azərbaycanda investorlar üçün ümumi mexanizm kimi “investisiya təşviqi sənədi” tətbiq olunur. İqtisadiyyat Nazirliyinə layihə əsasında müraciət edən hüquqi və fiziki şəxslər təsdiq edilmiş sahə və regionlarda müəyyən minimal məbləğdən yuxarı investisiya öhdəliyi götürdükdə və layihə dəyərinin bir hissəsini faktiki olaraq yatırdıqda bu sənədi ala bilirlər: “İnvestisiya təşviqi sənədi əldə edən sahibkarlar 7 il müddətinə mənfəət (və ya gəlir) vergisinin 50 faizindən azadolma, müvafiq əmlak və torpaq vergisindən tam azadolma, layihə çərçivəsində idxal olunan texnoloji avadanlıq və qurğulara görə gömrük rüsumu, ƏDV-dən azadolma kimi geniş vergi-gömrük güzəştlərindən yararlana bilirlər. Bu rejim həm yerli, həm də xarici investorlar üçün eyni qaydada tətbiq edilir.
Bundan əlavə, Ələt Azad İqtisadi Zonasının öz xüsusi hüquqi və vergi rejimi mövcuddur. Zona daxilində qeydiyyatdan keçmiş şirkətlər üçün mənfəət vergisi, ƏDV, əmlak vergisi və bir çox gömrük ödənişləri üzrə sıfır dərəcəli rejim tətbiq olunur, korporativ strukturda 100 faiz xarici mülkiyyətə məhdudiyyət qoyulmur, lisenziyalaşdırma və icazə prosedurları isə daha çevik qaydada icra edilir. Bu, xüsusilə istehsal, logistika, regional qərargah və xidmət mərkəzləri üçün Azərbaycanı cəlbedici edir”.
K.Hacıyev vurğulayıb ki, sabit siyasi mühit, güclü enerji bazası, strateji coğrafi mövqe, azad iqtisadi zonalar və sənaye parkları, eləcə də rəsmi investisiya təşviqi mexanizmi və vergi-gömrük güzəştləri Azərbaycana investisiya etməyi həm risk baxımından idarəolunan, həm də gəlir baxımından sərfəli edir.