AZƏRBAYCANDA “BƏNÖVŞƏYİ İNQİLAB” NƏ ÜÇÜN MƏĞLUBİYYƏTƏ UĞRADI?
Azərbaycan Mərkəzi Seçki Komissiyası bazar ertəsi bildirmişdir ki, səslərin 96,39 faizinin hesablanmasının yekunlarına görə, Prezident İlham Əliyevin başçılıq etdiyi hakim Yeni Azərbaycan Partiyası parlamentdə 125 yerdən 63-nü qazanaraq digər partiyaları xeyli geridə qoymuşdur. Müxalifət partiyalarını birləşdirən blok isə cəmi 4 yer qazanmışdır. Yerli təhlilçilərin fikrincə, bu nəticələr sübut edir ki, müxalifətin indiki hakimiyyəti devirmək məqsədi ilə başladığı üzdəniraq “bənövşəyi inqilab” uğursuzluğa məruz qalmışdır.
İndiki seçkilər İlham Əliyev 2003-cü ildə Prezidentliyə başladığı vaxtdan bəri ilk parlament seçkilərdir. Parlamentdə 125 yerə 1500-dən çox adam namizəd vardır, rəqabət çox sərt idi. Ölkə müxalifəti indiki seçkilər ətrafında “rəngli inqilab”a başlamağa çoxdan cəhd göstərirdi. Müsavat Partiyasının sədri İsa Qəmbər bu ilin əvvəlində bildirmişdi ki, Azərbaycan müxalifəti Ukrayna və Gürcüstandakı ssenarilərin təkrarlanmasının mümkünlüyünü istisna etmir. O, şəbbü çiçəyini Azərbaycanda “rəngli inqilab”ın rəmzi adlandırır. Azərbaycan müxalifəti Ukraynadakı “narıncı inqilab”dan nümunə götürərək, “narıncı qalstuk” bağlayır və inqilabı “qalstuklular inqilabı” adlandırır. Müxalifət müxtəlif seçkiqabağı kampaniyaya çoxdan başlamışdı və “inqilab”ın müvəffəqiyyətini təmin etmək üçün ifrat tədbirlərə əl atırdı.
ABŞ-ın Demokratiya İnstitutu tərəfindən maliyyələşdirilən üç müxalifət partiyası – Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyaları “Azadlıq” blokunda birləşmişdi.
Onlar parlamentin sabiq sədri Rəsul Quliyevi özünə lider seçmişdilər. R.Quliyev 120 milyon dollar məbləğində dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir və ölkədən qaçaraq, ABŞ-da siyasi sığınacaq almışdır. Bu il oktyabrın 17-də o, Londondan keçərək, Azərbaycana gəlmək niyyətində olmuşdur. Müxalifət elan etmişdi ki, onu hava limanında qarşılamaq üçün 50 min adam toplayacaqdı. Lakin Azərbaycan hökuməti bildirmişdi ki, Rəsul Quliyev buraya qədəm qoyan kimi onu həbs edəcəkdir. Buna görə də o, Ukraynaya tərəf istiqamət götürməli olmuşdur.
Azərbaycan müxalifəti Ukraynanın nümunəsi üzrə “rəngli inqilab” edə bilmədi. Səbəb budur ki, hakim partiya müxalifət tərəfindən əngəlləri aradan qaldırmaq və ya azaltmaq üçün bir sıra qətiyyətli tədbirlər görmüşdür:
Əvvəla, ölkədə sakitliyin qorunub saxlanması üçün mümkün olan hər şey edilmişdir. İkincisi, Azərbaycan Prezidenti seçkilərin azad, ədalətli və demokratik olması ilə bağlı məsələlərdə qabaqlayıcı tədbirlər görmüşdür. O, hələ əvvəldən bildirmişdi ki, bu ilin noyabrına təyin edilən seçkilər azad və ədalətli olmalıdır. Prezident Mərkəzi Seçki Komissiyasına seçkilərin demokratikliyini və ədalətliliyini təmin etməyi tapşırmışdır. Eyni zamanda, səsvermə zamanı barmaqların işarələnməsi üçün görünməyən mürəkkəbdən istifadə olunmasına icazə vermişdir. Bundan başqa, seçki prosesini 60 mindən çox müşahidəçi, o cümlədən 1500 beynəlxalq müşahidəçi izləyirdi.
Üçüncüsü, müxalifətin siyasi çevriliş etmək planı pozulmuşdur. Oktyabrın 16-dan 20-dək, müxalifətin başçısı Rəsul Quliyevin Azərbaycana qayıdıb “bənövşəyi inqilab”a başçılıq etməyə çalışdığı vaxtda onunla əlbir olmuş sabiq səhiyyə, iqtisadi inkişaf nazirləri və digər yüksək vəzifəli məmurları həbsə aldırmışdır.
Dördüncüsü, seçkilərə digər ölkələrin müdaxiləsinə yol verilməmişdir. Azərbaycan hökumətinin mövqeyi dəyişməz idi. Ölkə Prezidenti dəfələrlə vurğulamışdı ki, “rəngli inqilablar”a qətiyyən yol verməyəcək, onlardan qorxmur və xarici dövlətlərə Azərbaycanın parlament seçkilərinə kənardan qarışmağa imkan verilməyəcəkdir. Noyabrın 3-də İlham Əliyev bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil xarici siyasət aparır, ölkənin gələcək inkişafını özü müəyyənləşdirir və xarici qüvvələrin Azərbaycanda oyuncaq hakimiyyət qurmaq səyləri uğursuzluğa məruz qalacaqdır.
Təhlilçilərin fikrincə, müxalifətin “bənovşəyi inqilab”ının uğursuzluğunun başlıca səbəbi ondadır ki, Prezident İlham Əliyev başda olmaqla hakim Yeni Azərbaycan Partiyasının praqmatik daxili və xarici siyasətini əhalinin xeyli hissəsi dəstəkləyir. Yeni Azərbaycan Partiyası 1993-cü ildə hakimiyyətə gəldikdə milli iqtisadiyyatı inkişaf etdirməyi və əhalinin həyat şəraitini yaxşılaşdırmağı qarşısına başlıca məqsəd qoymuşdur. Ötən əsrin axırlarından başlayaraq, ölkə iqtisadiyyatının artımı 10 faizdən çox olmuş, yoxsulların sayı əhalinin ümumi sayının 60 faizindən 40 faizinədək azalmışdır. MDB Statistika Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının artımı 16,5 faiz olmuşdur. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında birinci yeri tutur.
Azərbaycan hökuməti praqmatik çoxtərəfli xarici siyasət aparır. Azərbaycan ölkəni ABŞ-ın və Qərb dövlətlərinin üzünə açaraq, digər ölkələrlə, o cümlədən Rusiya ilə əməkdaşlığı fəal inkişaf etdirir.
Parlament seçkilərinə iki həftə qalmış keçirilən ictimai rəy sorğusunun yekunları göstərmişdir ki, seçicilərin təxminən 50 faizi hakim partiyanı, cəmi 12,8 faizi isə müxalif “Azadlıq” blokunu dəstəkləyir. İlham Əliyevin əhali arasında populyarlığının səviyyəsi 77 faiz idi. ABŞ-ın Soros Fondunun keçirdiyi ictimai rəy sorğusu da sübut edir ki, əhalinin 67-77 faizi Azərbaycan Prezidentini dəstəkləyir.
Prezident İlham Əliyev oktyabrın 19-da demişdi: “Gürcüstandakı, Ukraynadakı seçkiqabağı siyasi, iqtisadi vəziyyəti Azərbaycan ilə müqayisə etsəniz, əsas fərq ondadır ki, Azərbaycan xalqı bizim siyasəti dəstəkləyir”.