REGİONLAR
Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi Ümummilli Liderin adı ilə bağlıdır
Şirvan, 13 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində Şirvan şəhər qadınlarının konfransı keçirilib. Tədbir
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.
Şirvan şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda şəhər icra hakimiyyətinin məsul şəxsləri, şəhid anaları, şəhərin idarə və müəssisələrində müxtəlif vəzifələrdə çalışan bir qrup fəal qadın və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirdiyi vurğulanıb. Müstəqil Azərbaycanda qadın qurultaylarının Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyi bildirilib.
Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edir. Azərbaycan qadınlarının cəmiyyətin dinamik inkişafında xüsusi fəallığı ilə seçildiyi vurğulanıb.
Həmçinin diqqətə çatdırılıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində fəal iştirak edir, qadın və uşaqların təhsil, səhiyyə problemlərinin həllində xüsusi fəaliyyət həyata keçirir, Azərbaycan qadınlarını beynəlxalq miqyasda layiqincə təmsil edir.
Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması ilə bağlı bir sıra layihələrin həyata keçirildiyi də vurğulanıb. Həmçinin ictimai-siyasi sahədə qadınların rolunun getdikcə artdığı, qəbul olunan Dövlət proqramlarının qadınların fəaliyyətinin stimullaşdırılmasına xidmət etdiyi, “Azərbaycan 2020-gələcəyə baxış” Inkişaf Konsepsiyasında ailə strategiyası və gender bərabərliyi ilə bağlı müddəaların əksini tapdığı bildirilib.
Sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib. Konfransda gender məsələlərindən, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlardan və bu kimi bir neçə aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib.