Azərbaycanda elmi tədqiqatçılar üçün multikulturalizm sahəsində müsabiqə elan edilib
Bakı, 8 iyul, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi elmi-tədqiqatçılar üçün multikulturalizm sahəsində yeni imkanlar və elmi istiqamətləri müəyyənləşdirməyə imkan verən “Multikultural elmi-tədqiqat müsabiqəsi - 2021” adlı müsabiqə elan edib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq standartlara cavab verən, sözün ən müsbət mənasında multikulturalizm üzrə yüksək səviyyədə təşkil ediləcək elmi-tədqiqat və yaradıcılıq layihələrini dəstəkləyən müsabiqə multikulturalizm üzrə araşdırma aparan tədqiqatçıların elmi bilik və bacarıqlarını genişləndirməyə imkan verir.
Müsabiqənin məqsədi multikulturalizm üzrə keyfiyyətli tədqiqatları təşviq etmək və elmi mükəmməllilik əsasında tədqiqatçıların apardıqları elmi araşdırmaları dəstəkləməkdir.
Elan olunan elmi-tədqiqat müsabiqəsinin tələblərinə uyğun olan və qalib gələcək namizədlər birmənalı şəkildə multikulturalizm sahəsində ciddi elmi araşdırma aparan tədqiqatçılar olmalıdır.
Qeyd edək ki, qoyulan tələblərdən biri də uyğun namizədlərin müsabiqə proqramına müraciətdən ən azı 2-3 il əvvəl doktorluq dərəcələrini bitirmiş olmalarıdır. “Multikultural elmi-tədqiqat müsabiqəsi - 2021”in əsas missiyası multikulturalizm sahəsi üzrə araşdırma aparan potensiallı elmi tədqiqatçıları kəşf etmək və mükafatlandırmaqdır.
Həm yerli, həm də xarici alimlərin iştirakı nəzərdə tutulan müsabiqə üçün təyin edilmiş kvota üç elmi tədqiqat layihəsi, maliyyələşmə məbləği 5000 ABŞ dolları, müddəti isə 6 ay təşkil edəcək.
Qalib olan elmi-tədqiqat layihələri, eyni zamanda, qaliblərə dəstək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən kitab formasında nəşr ediləcək.
“Multikultural elmi-tədqiqat müsabiqəsi - 2021” aşağıdakı mövzular üzrə tədqiqatın aparılmasını nəzərdə tutur:
• Azərbaycanın multikulturalizm modeli,
• Qafqaz Albaniyasının tarixi və mədəni irsi,
• Azərbaycanda xristianlığın tarixi,
• Dini radikalizm və ekstremizmin qarşısının alınmasında multikulturalizmin rolu,
• Mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın rolu,
• Multikultural Marketinq: Etnik kimliklərin idarə edilməsi,
• Ali təhsildə multikulturalizm,
• Multikulturalizm və dini kimlik,
• Multikulturalizm və müxtəliflik: Mədəni psixologiya,
• Multikulturalizm: Nailiyyətlər və problemlər,
• Kütləvi İnformasiya Vasitələrində irqçilik və mədəni müxtəliflik,
• Tolerantlıq və mədəni müxtəliflik.
Elmi-tədqiqatlar Mərkəz tərəfindən hazırlanan xüsusi format üzrə ingilis, türk, rus və alman dillərində təqdim edilə bilər.
Müsabiqə proqramı üçün təqdim edilən elmi tədqiqatların yoxlanılması və qaliblərin müəyyən edilməsi üçün təşkil edilən Rəyçi Qrupu beynəlxalq mütəxəssislərdən ibarətdir.
Müsabiqədə iştirak etmək üçün lazımi sənədlər və tələblər haqqında geniş məlumat aşağıda qeyd edilən veb-səhifədə yerləşdirilib. Maraqlanan elmi-tədqiqatçılar öz layihələrini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 2021-ci il avqustun 1-dək veb-səhifədə yerləşdirilən iştirak üçün ərizə formasını, tam hazırlanmış elmi-tədqiqat layihəsini isə 2021-ci il dekabr ayının 1-nə qədər göndərməlidirlər. Müsabiqə ilə bağlı hər hansı sualı olanlar Xəyalə Məmmədovaya ([email protected]) müraciət edə bilərlər.
“Multikultural elmi-tədqiqat müsabiqəsi - 2021” haqqında əlavə məlumatlar https://www.gparc.net/about-1 linkində qeyd edilib.