Azərbaycanda ilk dəfə olaraq “Beynəlxalq Yaşıl Qraffiti festivalı” keçirəcəkdir
Bakı, 27 mart (AZƏRTAC). Ekoloji problemlərlə mübarizə metodlarına yeni yanaşmaları təbliğ edən IDEA kampaniyası incəsənət və ətraf mühit arasında harmoniyanın saxlanılması üçün ilk dəfə olaraq 2013-cü ilin mayında Azərbaycanda “Beynəlxalq Yaşıl Qraffiti festival”ı keçirəcəkdir.
AZƏRTAC xəbər verir ki, qlobal ekoloji məsələlər haqqında incəsənət vasitəsilə ictimaiyyəti məlumatlandırmaq və yeni metodlarla maarifləndirmə xarakterli olan layihə, həmçinin gənc rəssamlar üçün yeni bir fəaliyyət istiqamətinin təbliğatı kimi ölkəmizdə bir ilk olacaqdır.
Qeyd edək ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan bu sahədə fəaliyyət göstərən qraffiti ustaları və qraffiti işinə maraq göstərən gənclər festivalda iştirak edə bilərlər. Bunun üçün festivalda iştirak etmək istəyən gənc qraffiti mütəxəssislərindən təbiət, heyvanat aləmi, yaşıl düşüncə və ümumi olaraq ətraf mühit məsələləri mövzusunda çəkilməli olan əsərlərin ilkin variantını “jpeg” fayl formatında [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. İşlərin göndərilməsi üçün son tarix 20 аprel 2013-cü ildir.
Festivalda iştirak edəcək əsərlərin münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra müvafiq olaraq birinci, ikinci və üçüncü yerin qalibləri müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Xatırladaq ki, IDEA kampaniyası 2011-ci il iyulun 12-dən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.