Azərbaycanda “Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Hər il oktyabr ayı dünyanın bir sıra ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu ay çərçivəsində kibertəhlükəsizlik və kibergigiyena qaydalarını təşviq etmək, vətəndaşlar, şirkətlər, qurumlar arasında məlumatlılığı artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qlobal mühitdə kibertəhdidlərin artdığını nəzərə alaraq əhalini maarifləndirmək məqsədilə bu ay Nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də “Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Maarifləndirmə xarakterli tədbirlər əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.
Xidmət kibertəhlükəsizlik üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə oktyabr ayı ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE həştəqlərindən istifadə edərək maarifləndirmə kampaniyasına qoşulmağa dəvət edir.