AZƏRBAYCANDA KOREYA KİNOSU GÜNLƏRİ KEÇİRİLİR
Bu münasibətlə oktyabrın 17-də Bakı Əyləncə Mərkəzində
keçirilən açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, kinorejissor Oktay Mirqasımov, Koreyanın ölkəmizdəki səfiri Mun Hayonq və “SEBA” Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Koreya üzrə sədri Su Hun Li çıxışlarında belə tədbirlərin təşkilinə göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Bu tədbirin Azərbaycanın mədəni həyatında çox önəmli bir hadisə olduğunu, Koreya mədəniyyətini Azərbaycan ictimaiyyətinə yaxından tanıdacağını, xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcəyini söyləyən natiqlər vurğuladılar ki, respublikamızda Koreya kinosu günlərinin keçirilməsi ölkələrimizin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığına gözəl nümunədir. Xalqlarımızın dostluq və qardaşlığı bundan sonra daha da inkişaf edəcək, qarşılıqlı ünsiyyət nəticəsində mədəniyyətlərimiz zənginləşəcəkdir.
Sonra rejissor Çan Vu Pakın “Birləşmiş təhlükəsizlik zonası” bədii filmi nümayiş etdirilmişdir.