AZƏRBAYCANDA MİLLİ AZLIQLARLA BAĞLI PROBLEM YOXDUR
Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 2-də Şəhidlər xiyabanını ziyarət etmiş, “Əbədi məşəl” kompleksinin önünə əklil qoymuşlar. Qonaqları milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov müşayiət etmişdir. Nümayəndə heyətinin rəhbəri Asbyorn Eyde demişdir ki, xiyabanı ziyarət onlarda qəmli təəssürat yaratmışdır. Sovet imperiyasının törətdiyi vəhşilikləri və Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini əyani surətdə dərk etdik.
Sonra qonaqlar Milli Məclisin insan hüquqları daimi komissiyasının üzvləri ilə görüşmüşlər. Komissiyanın sədri Sirus Təbrizli nümayəndə heyətinə Azərbaycanda aparılan iqtisadi, siyasi və hüquqi islahatlar barədə ətraflı məlumat verdi. Dedi ki, Azərbaycan demokratik ölkədir və bizdə insan hüquqlarının müdafiəsi dövlətin siyasi kursunun başlıca istiqamətini təşkil edir. Azərbaycan regionda yeganə dövlətdir ki, milli azlıqlar və dini münasibətlərlə bağlı problemi yoxdur.
Nümayəndə heyətinin başçısı Asbyorn Eyde dedi ki, onlar artıq respublikanın şimal bölgəsində olmuş və milli azlıqlarla bağlı heç bir problemin olmadığını öz gözləri ilə görmüşlər. Avropa ölkələrinin bəzilərində milli münasibətlərdə gərginlik olduğu halda, Azərbaycanda belə bir problemin olmaması təqdirəlayiq haldır və bu başqa ölkələrə də nümunə olmalıdır. Nümayəndə heyəti milli azlıqlarla bağlı yeni qanunun hazırlanması, dil haqqında yeni qəbul olunmuş qanuna əlavə və dəyişikliklərin edilməsinin mümkünlüyü və qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələləri ilə maraqlanmışlar.
S.Təbrizli dedi ki, milli azlıqlarla bağlı yeni qanun layihəsi işçi qrup tərəfindən hazırlanır. Azərbaycan dili ilə bağlı Qanun qüvvəyə mindikdən sonra heç bir problem olmayıb. Amma problem yaranarsa məsələ müzakirə edilə bilər. QHT-nin qeydiyyatında isə heç bir problem yoxdur.
X X X
Sonra qonaqlar Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvləri ilə görüşmüşlər. Komissiyanın üzvü Mübariz Qurbanlı dövlət quruculuğu, milli azlıqların problemləri və digər qanunlar barədə ətraflı məlumat vermişdir. Qonaqların eyni məzmunlu suallarına cavab olaraq M. Qurbanlı dedi ki, hazırda Azərbaycanda rus, tatar, yəhudi, ləzgi, kürd mədəniyyət mərkəzləri fəaliyyət göstərir. 4000-ə yaxın qeyri-hökumət təşkilatı qeydiyyatdan keçmişdir ki, onların da əksəriyyəti dini və milli azlıqların icmaları, eləcə də onların mədəniyyət mərkəzləridir.
Hər iki görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.