Ordunun möhkəmləndirilməsi hər bir vətəndaşın borcudur və dövlət bu işə öz diqqətini əsirgəməməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin növbəti buraxılışına həsr olunmuş mərasimdə bildirmişdir. Prezident demişdir ki, biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son 3 il ərzində hərbi xərclərimiz 4 dəfə artmışdır. 2003-cü ildə orduya ayrılan xərclər 135 milyon dollar olduğu halda, 2006-cı ildə bu rəqəm 700 milyon dollara yaxın olmuşdur və gələcəkdə bu xərclər daha da artırılacaqdır.
Son illər ərzində maddi-texniki bazanın möhkəmləndirilməsində böyük işlər görüldüyünu vurğulayan dövlətimizin başçısı söyləmişdir ki, çoxlu texnika, avadanlıq, müasir silahlar alınmışdır və Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Bu proses davam etdiriləcəkdir. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, ordu quruculuğuna böyük diqqət göstərilməlidir.