AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏRKƏN VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARI TƏMİN EDİLMİŞDİR
O vurğulamışdır ki, seçkilərin gedişində müşahidəçilərin seçki məntəqələrinə maneəsiz getmək, namizədlərlə və onların vəkilləri ilə, partiyaların, siyasi partiya bloklarının və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə sərbəst ünsiyyətdə olmaq hüquqları təmin edilmişdi.
Ruşaylo demişdir ki, seçkiləri müşahidə zamanı MDB müşahidəçilər missiyası Seçki Məcəlləsinin ayrı-ayrı normalarının təkmilləşdirilməsi barədə təkliflər irəli sürmüşdür. Əlbəttə, pozuntu halları da olub - KİV-lərdə zorakılıq hallarına və vətəndaş itaətsizliyinə çağırışlar, namizədlərin şərəf və ləyaqətini alçaldan, siyasi partiya və blokların nufuzuna xələl gətirən xəbərlər də yayılmışdır. Yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxiləsi, ayrı-ayrı namizədlərin xeyrinə təşviqat işinə qarışmaq faktları da olmuşdur. Ruşaylo bildirmişdir ki, Apelyasiya Məhkəməsinə 23, Baş Prokurorluğa 35 şikayət, Mərkəzi Seçki Komissiyasına 1050 ərizə göndərilmişdir. Hüquq pozuntuları və onlara baxılmasının nəticələri barədə zəruri informasiya almaq üçün Missiyanın qərargahı Ali Məhkəməyə, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına sorğular göndərmiş və onların rəhbərlərindən cavablar almışdır.
MDB İcraiyyə Komitəsi sədrinin məlumatına görə, Azərbaycanda seçkiləri müşahidədə Birlik ölkələrinin 640 nümayəndəsi iştirak etmişdir. Seçkilər zamanı onlar 125 seçki dairəsində 3087 seçki məntəqəsində olmuşlar. Bu isə məntəqələrin ümumi sayının 60 faizindən çoxdur.
Ruşaylo bildirmişdir ki, MDB müşahidəçilərinin çıxardığı nəticələr və verdiyi qiymətlər dəyişməz olaraq qalır. O demişdir: “Seçki komissiyaları parlament seçkiləri keçirilərkən Azərbaycan vətəndaşlarının seçki hüquqlarını təmin etmişlər. Seçki kampaniyası prosesindəki ayrı-ayrı pozuntu və nöqsanlar seçicilərin öz iradəsini azad ifadə etməsinə və səsvermənin yekunlarına heç bir təsir göstərməmişdir”.