CƏMİYYƏT
Azərbaycanda strateji əhəmiyyətli malların siyahısı tərtib olunacaq

Bakı, 3 oktyabr, AZƏRTAC
Dövlət ehtiyatları ilə bağlı strateji əhəmiyyətli malların siyahısı tərtib olunacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 3-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət ehtiyatları haqqında” qanun layihəsində öz əksini tapıb.
Dörd fəsil, 14 maddədən ibarət olan sənədə əsasən strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçirilir. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Malların nomenklaturaları strateji əhəmiyyətli malların siyahısına əsasən müəyyən ediləcək. Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat verməlidirlər.
Qanun layihəsinə görə, fövqəladə və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmlər həmin ehtiyatların saxlanılmasını təmin edən dövlət ehtiyatları üzrə məsul orqan, dövlət qurumları və hüquqi şəxslər tərəfindən təmin edilir.