“AZƏRBAYCANDA YERLİ DONORLUQ VƏ FİLANTORİYANIN ƏSAS İNKİŞAF İSTİQAMƏTLƏRİ” LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəzin direktoru, professor, tarix elmləri doktoru Eldar İsmayılov tədbiri açaraq sənədin mahiyyətindən və ayrı-ayrı bölmələrin məzmunundan danışmışdır. Uzun müddətdir ki, respublikamızda qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq qurumların himayəsi altında fəaliyyət göstərdiyini söyləyən natiq artıq yerli donorçuluğu dəstəkləyəcək yeni orqanın və proqramın vacibliyini vurğuladı.
Avrasiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə bir çox təkliflər əsasında hazırlanmışdır. Əsas təkliflərdən biri QHT-nın mövqeyini dəstəkləyəcək, eləcə də dövlətlə QHT arasında körpü rolunu oynayacaq komitənin və konkret donorçuluğu həyata keçirərək Azərbaycan milli dövlət fondunun yaradılmasının vacibliyidir. Həmin fond əksər ölkələrdə mövcud inkişaf agentliklərinin modeli əsasında təşkil oluna bilər. Müəssisə və təşkilatlar, fiziki və hüquqi şəxslər öz gəlirlərinin müəyyən hissəsini həmin fondun hesabına keçirməklə, onun formalaşmasında iştirak edə bilərlər. Maliyyə dəstəyi həm dövlət büdcəsi, həm də biznes strukturları tərəfindən olacaq.
Sonra işçi qrupunun üzvləri jurnalistləri maraqlandıran suallara cavab vermişlər.