Azərbaycanı dünyaya tanıdan lider – Heydər Əliyev
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub.
Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.
Tədbirdə kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka sahibi, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Sonra kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev, Yeni Azərbaycan Partiyasının kollec üzrə ərazi təşkilatının sədri Natiq Musayev, tələbə həmkarlar təşkilatının sədri Asim Novruzov çıxış edərək Ulu Öndərin ömür yolundan, həyata keçirdiyi islahatlardan, xalqın və dövlətin xilası naminə atdığı addımlardan danışıblar.