AZƏRBAYCANIN 4 BOKSÇUSU AVROPA OLİMPİYA TƏSNİFAT TURNİRİNDƏ MÜBARİZƏNİ DAVAM ETDİRİR
İtaliyanın Peskara şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin ikinci günü keçirilmiş döyüşlərdən sonra rinqə çıxmış 7 Azərbaycan boksçusundan yalnız 4-ü növbəti mərhələyə yüksəlmişdir.
AZƏRTAC xəbər verir ki, Şahin İmranov (57 kq) Macarıstan boksçusu Mixal Yanosu 25:4 hesabı ilə məğlub etmişdir. Ramal Amanov (60 kq) sloveniyalı Caka Kovaçiç, Elçin Əlizadə (91 kq) isə Çernoqoriya təmsilçisi Milorad Qayoviçdən üstün olmuşdur. Nəhayət, daha ağır çəkili (91 kq-dan yuxarı) idmançıların yarışında Azərbaycan boksçusu David Arjba yunanıstan idmançısı Georgiyos Şotz üzərində qələbə qazanaraq olimpiadaya lisenziya şanslarını saxlamışdır.
Lakin, uzun illər Azərbaycan yığmasının əsas heyətində
yer almış Ceyhun Əbiyev (48 kq), Emil Məhərrəmov (64 kq) və Rahib Bəylərov (75 kq) ümidləri doğrultmamışlar. Hər üç boksçu məğlub olaraq çıxışlarını başa vurmuşlar.
Turnirin üçüncü günü Ş.İmranov Belarus təmsilçisi Mixail Biarnadski ilə, R.Amanov almaniyalı Artur Şmitdlə, Elçin Əlizadə ukraynalı Aleksandr Usiklə, David Arjba isə ingiltərəli David Praysla qarşılaşacaqdır.