Azərbaycanın Baş konsulluğu Aktauda iftar süfrəsi açıb
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanın Baş konsulluğunun və Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Aktau şəhərindəki “Qocalar evi”nin və fiziki məhdudiyyətli uşaqların məskunlaşdığı “Uşaqlar evi”nin sakinləri üçün xeyriyyə tədbiri keçirilib, iftar süfrəsi açılıb.
Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib. Bildirilib ki, tədbirdə 80-dən çox ahıl və fiziki məhdudiyyətli uşaq iştirak edib.
Baş konsulun vəzifələrini icra edən Elçin Məmmədov Azərbaycanda, Qazaxıstanda, eləcə də, türk dövlətlərində imkansız, xüsusi qayğıya ehtiyacı olan ailələrə, insanlara və fiziki məhdudiyyətli uşaqlara tez-tez yardımlar göstərildiyini qeyd edib, bunun artıq bütün dövlətlərdə ənənəvi hal aldığını bildirib.
Tədbirdə digər çıxış edənlər onlara göstərilən qayğıdan söz açıb, konsulluq tərəfindən bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.
Sonra konsert proqramı olub, Azərbaycandan gəlmiş incəsənət ustaları mahnı və rəqslər ifa ediblər.
Mərasim iştirakçıları Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.
Aktau şəhər rəhbərliyi tərəfindən Baş konsulluğa təşəkkürnamə təqdim olunub.