Azərbaycanın beynəlxalq aləmdə sabit, demokratik ölkə imici daha da möhkəmlənmişdir
Kürdəmir, 8 may (AZƏRTAC). Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Milyonların qəlbində yaşayan lider” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin məsul işçiləri, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Konfransda rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov “Milyonların qəlbində yaşayan lider” mövzusunda geniş məruzə ilə çıxış etmişlər.
Konfransda, həmçinin rayon ziyalılar cəmiyyətinin sədri Sabir Novruzov “Heydər Əliyev Azərbaycan Dövlətçiliyinin varisi və Azərbaycan xalqının əbədi lideridir”, mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev “Heydər Əliyev Kürdəmirdə”, Kürdəmir şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Elmira Şıxəliyeva “Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzularında çıxış etmişlər.
Çıxışlarda dərin minnətdarlıq və fəxr hissi ilə qeyd olunmuşdur ki, dünya dövlətləri sırasında nüfuz sahibi olan müstəqil Azərbaycanımızın inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan dövləti Ümummilli Liderin böyük hünər və cəsarətlə, əsl qəhrəmanlıqla yaratdığı möhkəm, etibarlı və möhtəşəm təməl üzərində qurulmuşdur.
Sevindirici haldır ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, yeni dövrün lideri Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirmişdir.
Bildirilmişdir ki, kürdəmirlilər Ulu Öndərin ideyalarına sadiqdirlər və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşmişlər. Onlar respublikamızın və rayonumuzun çiçəklənməsi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər.