Azərbaycanın Bolqarıstandakı səfiri koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş videokonfransda iştirak edib
Sofiya, 15 dekabr, AZƏRTAC
Bolqarıstanın vitse-prezidenti İliyana Yotovanın təşəbbüsü ilə Bolqarıstanda akkreditə olunan səfirlərin iştirakı ilə COVID-19 pandemiyası ilə mübarizə, pandemiya şəraitində qadın və uşaqların müdafiə olunması mövzularına həsr olunan videokonfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir zamanı çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hökumət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verilib. Azərbaycan hökuməti tərəfindən dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə vermək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 10 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılmasını qeyd edən səfir Azərbaycanın beynəlxalq təcrübədən çıxış edərək pandemiya ilə mübarizə apardığını bildirib. Hökumətin müxtəlif sosial paketlər çərçivəsində pandemiyanın iqtisadiyyata vurduğu ziyandan əziyyət çəkən əhalinin həssas qruplarından olan 600 min insanın sosial rifahının yaxşılaşdırıldığını vurğulayan N.Qurbanova ümumilikdə ölkədə sosial-iqtisadi sahədə dayanıqlılığın təmin olunması məqsədilə 2.05 milyard ABŞ dolları (3.5 milyard manat) məbləğində vəsaitin ayrıldığı diqqətə çatdırıb. Azərbaycanda məcburi köçkünlərə, o cümlədən məcburi köçkün qadınlara Azərbaycan hökuməti tərəfindən xüsusi diqqət göstərildiyini bildirən diplomat pandemiya ilə əlaqədar 17 min tələbinin təhsil haqqının dövlət tərəfindən qarşılandığını və xüsusi məşğulluq proqramları çərçivəsində aztəminatlı ailələrə dəstək göstərildiyini qeyd edib. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-də BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirildiyini xatırladan səfir, pandemiyanın fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə ehtiyac duyulduğu vurğulayıb.
Çıxışın sonunda regionda yük daşımaları həcmlərinin artması barədə tədbir iştirakçıları məlumatlandırılaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımaları barədə məlumat verilib və Bolqarıstan tərəfi bu dəmir yolu xəttindən faydalanmağa dəvət olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya