Azərbaycanın Dövlət Bayrağı Günü Gürcüstanda da geniş qeyd edilir
Tbilisi, 9 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Gürcüstanda da geniş qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər planı hazırlanıb.
Tədbirlər planı çərçivəsində Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan, küçə və prospektlərində quraşdırılmış monitorlarında Azərbaycanın üçrəngli bayrağı nümayiş etdirilir.
Şəhərin Azadlıq meydanı, Birinci Respublika meydanı, Vağzal meydanı, mərkəzi Rustaveli prospekti və digər 5 mərkəzi yerlərdə qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.
Azərbaycan bayrağının Tbilisinin mərkəzi küçə, meydan və prospektlərində nümayiş etdirilməsi sakinlərin və qonaqların marağına səbəb olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi