AZƏRBAYCANIN ELEKTRİK ENERJİSİ TƏCHİZATI YAXIN İLLƏRDƏ XEYLİ YAXŞILAŞDIRILACAQDIR
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın elektrik enerjisi potensialının gücləndirilməsinə daim diqqət göstərdiyini nəzərə çarpdıran M.Əsgərov demişdir ki, bu münasibət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycanda elektrik enerjisinin istehsalını artırmaq üçün yeni mərhələ başlanmışdır. Elektrik enerjisi təchizatını yaxşılaşdırmaq məqsədi ilə Prezidentin məlum fərman və sərəncamlarından irəli gələn vəzifələr əsasında “Azərenerji”nin tədbirlər planı dövlətimizin başçısının nəzarəti altında uğurla həyata keçirilir.
Elektrik stansiyalarının, eləcə də bu sahəyə aid digər infrastrukturun əksəriyyətində avadanlıq və qurğuların 70 faizdən çoxunun istismar müddətinin bitdiyini diqqətə çatdıran M.Əsgərov bildirmişdir ki, son illər ölkəmizin iqtisadiyyatındakı yüksəliş elektroenergetika sistemində yenidənqurma işlərinin aparılmasına geniş imkan yaratmışdır. Bunun nəticəsidir ki, hər kilovat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın həcmi 411 qramdan 378 qrama endirilmişdir. Hesabat ilində Azərbaycanda 22 milyard 300 kilovat/saat elektrik enerjisi istehsal olunmuşdur. Bu göstərici 2004-cü ildəkindən 4,7 faiz artıqdır. Yüksək gərginlikli elektrik naqillərinin dəyişdirilməsi nəticəsində itkilərin qarşısı xeyli azalmışdır.
Hazırda aşağıtəzyiqli qazla işləyən elektrik stansiyalarının tikilməsi uğurla həyata keçirilir. Faydalı iş əmsalı 45 faizə qədər olan yeni stansiyalar regionların, eləcə də təcavüzkar Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə tələbatının ödənilməsi istiqamətində atılan ciddi addımdır. Modul tipli 5 yeni elektrik stansiyanın inşası yaxın illərdə ölkəmizin enerji təminatını xeyli yaxşılaşdıracaqdır.
Azərbaycanın qonşu dövlətlərlə enerji mübadiləsi aparmasının əhəmiyyətindən danışan ASC-nin vitse-prezidenti demişdir ki, Azərbaycan tərəfi 1992-ci ildən başlayaraq, Türkiyədən Naxçıvana verilən elektrik enerjisinin haqqının borc şəklində toplandığını təsdiq edir. Lakin hələlik həmin borcun nə vaxt və hansı yolla ödəniləcəyi müəyyənləşdirilməyib. Eyni zamanda Gürcüstan tərəfi də elektrik enerjisinə görə Azərbaycana olan borcunu qaytarmaq barədə təkliflərini verməyib. Azərbaycan İranla aparılan enerji mübadiləsinin həcmini artırmaqda maraqlıdır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.