CƏMİYYƏT
Azərbaycanın gənclər siyasəti müstəqilliyin möhkəmləndirilməsi və sosial inkişaf üçün yeni perspektivlər açır

Bakı, 31 yanvar, AZƏRTAC
Ölkəmizdə könüllülük hərəkatının gücləndirilməsi məqsədilə 2000-ci ildə Azərbaycan Könüllü Təşkilatları İttifaqı yaradılıb və bu təşəbbüs dövlətin birbaşa dəstəyi ilə reallaşdırılıb. Azərbaycan Respublikasının Gənclər Fondu bu istiqamətdə fəaliyyətini davam etdirərək könüllü fəaliyyətin inkişafına töhfə verməyə, gənclərin bilik və bacarıqlarını artırmağa yönəlmiş layihələri dəstəkləməyə davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov 2 Fevral - Gənclər Gününə həsr olunan Könüllü Təşkilatların Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Azərbaycanın müasir inkişaf modelində gənclər siyasəti strateji istiqamətlərdən biri kimi ön plana çıxır: “Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissələrindən biri də gənclərin hərtərəfli inkişafına şərait yaratmaq olub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət nəticəsində ölkədə gənclərin sosial inteqrasiyası, təhsili, məşğulluğu və ictimai fəallığı sahəsində mühüm nailiyyətlər əldə olunub. Bu çərçivədə 2011-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin inkişafına yönəlmiş genişmiqyaslı layihələrin icrasında mühüm rol oynayır. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən proqramlar gənclərin intellektual və peşəkar potensialının artırılmasına, onların sosial təşəbbüslərdə fəal iştirakına və könüllülük hərəkatının genişləndirilməsinə töhfə verir”.
“Hazırda ölkədə gənclər siyasətinin perspektivləri və könüllülük fəaliyyətinin genişləndirilməsi məsələləri aktual mövzulardan biri kimi önə çıxır. Bu istiqamətdə atılan addımlar gənclərin cəmiyyətə daha fəal inteqrasiyasını təmin etməklə yanaşı, onların sosial məsuliyyətinin və ictimai proseslərdə iştirakının artırılmasına da mühüm stimul verəcək”, - deyə Qədir Xəlilov əlavə edib.