“AZƏRBAYCANIN İKTMS VƏ ONUN İLKİN MƏRHƏLƏDƏ TƏTBİQİ” LAYİHƏSİNİN YEKUN TƏQDİMATI OLMUŞDUR
Layihənin əsas məqsədi Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyasını hazırlamaq və onun əsas istiqamətləri üzrə pilot layihələr həyata keçirmək, ölkəmizin İKT sahəsində inkişaf proseslərini tezləşdirməkdən ibarət olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, İKTMS layihəsinin milli əlaqələndiricisi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tədbirdə çıxış edərək Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” təsdiq edilməsi haqqında 2003-cü il 17 fevral tarixli Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Natiq, eyni zamanda, İKTMS layihəsi çərçivəsində aparılmış uğurlu işlərdən danışmış, ayrı-ayrı şəhər və rayonlarda 11 regional informasiya mərkəzinin yaradıldığını bildirmişdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının nümayəndəsi Marko Borsotti ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın həyata keçirilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov respublikamızda İKT-nin inkişaf etdirilməsinin vacibliyini və əhəmiyyətini diqqətə çatdırmışdır.
Tədbirdə, həmçinin “Azərbaycanın İnkişaf Portalı” layihəsi, “Azərbaycan əlifbasının Unicode standartının elektron informasiya məkanında istifadəsi”, “Azərbaycanda regional informasiya mərkəzləri”, “Elektron test” tədris vəsaiti və s. barədə geniş məlumat verilmişdir.