AZƏRBAYCANIN İNSAN HAQLARI ÜZRƏ EKSPERTLƏRİ ABŞ-DA İŞGÜZAR SƏFƏRDƏ OLMUŞLAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun nümayəndə heyəti ABŞ-da bir həftəlik işgüzar səfərdə olmuşdur.
Qrupun əlaqələndiricilərindən ibarət heyət Vaşinqtonda Dövlət Departamenti, Konqresin Nümayəndələr Palatası və Senat, insan haqları ilə məşğul olan nüfuzlu qeyri-hökumət təşkilatları, o cümlədən Milli Demokratiya İnstitutu, “Freedom House” və Avrasiya Fondlarında görüşlər keçirmişdir. Müzakirələr zamanı Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun prezident seçkiləri ərəfəsində həyata keçirdiyi layihələr, insan haqlarına dair qanunvericiliyə təkliflərin hazırlanması, cəmiyyətin müxtəlif qrupları arasında öz hüquqları barədə maarifləndirmə işinin qurulması və s. məsələlər diqqət mərkəzində olmuşdur.
Səfərin nəticələrini AZƏRTAC-a şərh edən Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Ramiz Sevdimalıyev demişdir: “ABŞ Konqresində keçirdiyimiz görüşlərdə tərəfdaşlarımızı ən çox maraqlandıran məsələ Gürcüstandakı böhranın Azərbaycana təsiri, ölkəmizin son hadisələr nəticəsində üzləşdiyi itkilər və bundan sonra bölgədəki siyasi seçimlərimizlə bağlı idi. Azərbaycanda seçkiqabağı vəziyyətə gəldikdə isə Vaşinqton dairələrində bununla bağlı kifayət qədər geniş məlumat vardır. Burada Azərbaycanın ABŞ üçün əhəmiyyətini anlayırlar. Söhbətlərimiz zamanı, prezidentliyə namizədlərin seçkiqabağı platformalarına toxunduq. Son illər Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, icitmai-siyasi islahatlar, minlərlə iş yerinin açılması, xüsusilə də, Gürcüstandakı son hadisələrdən sonra Azərbaycanın apardığı düzgün siyasət barədə ətraflı məlumat verdik. Qrupumuzun üzvləri sualları cavablandıranda bəzi siyasi partiyaların seçkiləri boykot etmək qərarına da münasibət bildirdilər. Biz bu qərardan təəssüfləndiyimizi dedik. Siyasi partiyalar ölkədə gedən bütün proseslərdə yaxından iştirak etməlidir. Əks təqdirdə onların mövcudluğu məntiqi deyil”.
Xatırladaq ki, Azərbaycanda İnsan Haqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu bu ilin aprelində Bakıda keçirilmiş “Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar” mövzusunda beynəlxalq konfransda yaradılmışdır. Qrupun tərkibinə dövlət orqanlarını təmsil edən 10 rəsmi şəxs, Milli Məclisin 2 deputatı, 10 nüfuzlu beynəlxalq ekspert və 12 qeyri-hökumət təşkilatı daxildir.