Azərbaycanın iqtisadi uğurları kanadalı oxuculara çatdırılmışdır
Bakı, 12 yanvar (AZƏRTAC). Kanadada nəşr olunan “Diplomat and International Canada” jurnalının 2011-ci ilin ilk buraxılışında Ottavadakı Karlton Universitetinin Beynəlxalq Münasibətlər üzrə Norman Paterson Məktəbinin dekanı, professor Fen Osler Hampsonun “Azərbaycan, Gürcüstan, Ermənistan: Şərq Qərbə qarşı” (Azerbaijan, Georgia, Armenia: East confronts West) sərlövhəli məqaləsi dərc edilmişdir. Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, məqalədə zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın Cənubi Qafqaz regionunda uğurlu inkişafından danışılır. Kanadalı müəllif əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət Azərbaycanı dünyanın ən mötədil müsəlman dövləti olduğunu qeyd etmişdir.
Ölkəmizin ümumi daxili məhsulunun yüksək sürətlə artdığını vurğulayan müəllif məqaləsində Azərbaycanın neft ixracının gündən-günə artdığını və bunun sayəsində tikinti, daşınmaz əmlak, bank və nəqliyyat sahələrinin inkişafına mühüm töhfə verildiyini bildirmişdir.
Məqalədə, həmçinin, Azərbaycan neftinin böyük hissəsinin Gürcüstan və Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Qərbə ixrac edildiyi və Xəzər dənizində təbii qaz hasilatının artırılması istiqamətində bir sıra layihələrin nəzərdə tutulduğu vurğulanmışdır.
Kanadalı professor yazısında, eyni zamanda, Dağlıq Qarabağın işğalına cavab olaraq Türkiyənin Ermənistanla sərhədlərini bağladığını, erməni diasporunun münaqişənin həllinə maneə olduğunu da diqqətə çatdırmışdır.
######
